Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Sovet əmanətlərinin qaytarılması proseduru: kimlər, nə qədər və hansı şərtlərlə ala bilər?


Maliyyə Nazirliyi vətəndaşları ən çox maraqlandıran sualları cavablandırır

Ölkə prezidentinin "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" Fərmanından sonra  Maliyyə Nazirliyində  yaradılan “Qaynar xətt” (012 404-46-03), eyni zamanda Nazirliyin rəsmi internet səhifəsində fəaliyyətə başlayan onlayn müraciət bölməsi (emanet_info@maliyye.gov.az) vasitəsilə vətəndaşlardan gələn çoxsaylı suallar cavablandırılıb.


Maliyyə Nazirliyi fərdi birdəfəlik ödəmələrlə bağlı vətəndaşlardan ən çox daxil olan  sualları ümumiləşdirərək onların cavablarını təqdim edir:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il  14 mart tarixli Fərmanı kimlərə şamil edilir?

Fərdi birdəfəlik ödəmələrin verilməsi üçün aşağıdakı meyarların olması zəruridir:
  • Əmanətçi əmanəti 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankına qoymalı;
  • Həmin əmanət qalığı “Kapital Bank”da bu Fərman qüvvəyə mindiyi tarixə şəxsi hesablarda saxlanılmalı;
  • Əmanətçi və ya onun vərəsəsi Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
1 yanvar 1992-ci ildən sonra qoyulan əmanətlərə görə fərdi birdəfəlik ödəmələr verilirmi?

Hazırkı Fərmanda bu məsələ dəqiq öz əksini tapmışdır. Fərdi birdəfəlik ödəmələr 1 yanvar 1992-ci il tarixinə  qədər qoyulan əmanətlərin qalıqlarından asılı olaraq hesablanır və həmin tarixdən sonra qoyulan əmanətlərə şamil edilmir.

Bu Fərmanın icrası ilə bağlı nə qədər vəsait ayrılacaq və nə qədər əmanətçini əhatə edəcək?

Bunun üçün 1 milyard manata yaxın vəsait tələb oluna bilər və bu sənəd 2 milyon 400 min  şəxsi əmanət hesablarının sahibləri olan əmanətçiləri  əhatə edir.

Əmanətlərin verilməsi ilk öncə hansı kateqoriyalara şamil ediləcək?

Əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi 2012-ci ilin iyun ayının 1-dən başlayır və 2013-cü il 31 dekabr tarixinədək başa çatdırılır və burada hər hansı kateqoriyanın bu vəsaitləri ilk öncə alması, habelə  heç bir mərhələ müəyyən edilməmişdir. Fərmanın şamil edildiyi bütün şəxslər qeyd olunan müddətdə müraciət edərək ödəmələri ala biləcəklər. Eyni zamanda qeyd olunmalıdır ki, fərdi birdəfəlik ödəmələrin alınması üçün əmanətçilər “Kapital Bank”ın şöbələrinə müraciət etməlidirlər.

Dünyasını dəyişən əmanətçilərlə bağlı problem necə həll olunacaq. Yəni varislər hansı sənədləri təqdim etməklə öz vəsaitlərini ala bilərlər?

Vəfat etmiş əmanətçinin əmanət qalıqlarına görə ödəmələrin onun vərəsəsinə  (vərəsələrinə) ödənilməsi nəzərdə tutulur. Vəsait vərəsələrə ödəniləcəyi halda fərdi birdəfəlik ödəmənin alınması üçün ərizəyə vərəsələrin miras əmlaka hüquqları barədə sənəd və ya bu barədə müvafiq məhkəmə qərarı əlavə edilməlidir. Vərəsəliyin müəyyən edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həyata keçiriləcəkdir.

Ödəmələrin verilməsi hansı bank tərəfindən həyata keçiriləcək və bu barədə əhaliyə məlumat veriləcəkmi?

Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası bankının hüquqi varisi Kapital Bank bu ödəmələrin verilməsi üzrə müvəkkil bank hesab edilmişdir və ödəmələr həmin bankın filialları tərəfindən həyata keçiriləcəkdir. Filialların dislokasiyası barədə əmanətçilər Bank tərəfindən əlavə olaraq məlumatlandırılacaqdır.

Yüz minlərlə nəfərin əmanətlərinin qaytarılması nəzərdə tutulur. Bu qədər vətəndaşa xidmət göstərmək bir bank üçün çətin olmayacaq ki?

Kapital Bank ölkəmizin bütün regionlarını əhatə edən geniş filal şəbəkəsinə malik olduğundan ödəmələrin həyata keçirilməsində ciddi problemlərin olması gözlənilmir. Bununla bərabər, əlavə təşkilati tədbirlərin həyata keçirilməsi və  Kapital Bankın maddi-texniki bazasının daha da gücləndirilməsi nəzərdə tutulur.

Bu ödəmələr hansı qaydada Bankdan götürülə bilər (nağd yolla, yoxsa digər hesablara köçürmə yolu ilə)?

Ölkə Prezidentinin təsdiq etdiyi Qaydalar fərdi birdəfəlik ödəmələrin əmanətçinin arzusu ilə nağd qaydada və ya onun digər bank hesabına köçürülməsi yolu ilə verilməsini əks etdirir.

Fərmandan görünür ki, fərdi birdəfəlik ödəmələr Azərbaycan vətəndaşlarına verilir. Burada  Azərbaycan vətəndaşları dedikdə kimlər başa düşülür?

Azərbaycan vətəndaşlığı haqqında qanunda göstərilən meyarlara uyğun olan və Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan vətəndaşları Fərmanla nəzərdə tutulmuş ödəmələri ala bilərlər və buna görə onlar Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Bu ödəmələr Azərbaycan vətəndaşları olmayan, vətəndaşlıqdan imtina edənlər və sair şəxslərə də ödəniləcəkmi?

Xeyr, ödəmələri yalnız Azərbaycan vətəndaşlığı haqqında qanunda göstərilən meyarlara uyğun olan və Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan vətəndaşları ala bilərlər və buna görə onlar Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Birdəfəlik ödəmələrin alınması üçün həmin hesabın bağlanılması zəruridirmi?

Bəli, birdəfəlik ödəmələrin alınması üçün həmin hesab bağlanılmalıdır. Bunu əmanətçi öz ərizəsində göstərməlidir. Fərmanın tələbinə görə fərdi birdəfəlik ödəmə alınandan dərhal sonra həmin hesab bağlanılır və əmanət müqaviləsinə xitam verilir.

Əmanət qalığına görə ödəmələrin verilməsi zamanı yüksək məbləğlərə görə məhdudiyyət qoyula bilərmi?
Fərmanla əmanət qalığına görə ödəmələrin verilməsi zamanı hər-hansı məbləğlərə məhdudiyyət qoyulmamışdır.
Bir neçə əmanət kitabçası üzrə əmanət qalıqları olan əmanətçilərə ödəmələr hansı qaydada ödəniləcəkdir?

Fərdi birdəfəlik ödəmələrin məhz əmanətçilərə verilməsi nəzərdə tutulduğundan, eyni əmanətçinin hesablarında olan qalıqlar toplanmaqla, ödəmələr hesablanıb veriləcəkdir.

İndeksasiya ilə bağlı məsələ mübahisə doğura bilərmi?

Bu indeksasiya deyil. Fərmandan da göründüyü kimi, həm keçmiş SSRİ qanunlarında, həm də Azərbaycan qanunlarında Əmanət Bankının öhdəliklərinə görə dövlətin məsuliyyəti nəzərdə tutulmamışdır. Hazırki ödəmələr Azərbaycan dövlətinin maliyyə imkanlarının artması ilə əlaqədar inflyasiyaya məruz qalmış əmanətlərə görə əhaliyə dövlət tərəfindən verilən əlavə yardımdır. “Kapital Bank”dan verilən məlumata əsasən əmanətçilərin şəxsi əmanət hesablarında olan qalıq məbləğlərin götürülməsinə hər hansı məhdudiyyət olmayıb, bundan sonra da olmayacaqdır.

Sovet dövründə çap edilən əmanət kitabçalarının təhlükəsizlik kodları yoxdur. Saxta əmanət kitabçaları problemi hansı formada həll ediləcək?

Banka təqdim edən əmanət kitabçasında olan məlumatlar Bankda olan sənədlərdəki məlumatlarla üzləşdiriləcəkdir. Üzləşdirmə zamanı məlumatlarda uyğunsuzluq aşkar edildikdə həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada baxılacaqdır. Bilərəkdən sənədlərin saxtalaşdırılmasına, qanunsuz hazırlanmasına və saxta sənədlərdən istifadə olunmasına görə Azərbaycan Respublikası qanunvericiliyində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.

İtirilmiş və ya yarasız vəziyyətə düşmüş əmanət kitabçaları üzrə ödəmələr hansı qaydada həyata keçiriləcəkdir?

Əmanət kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə, əmanətçinin verdiyi məlumatlar üzrə Bankda üzləşdirmə aparılacaq və  əmanətçinin öz ərizəsində verdiyi məlumatlar təsdiqini taparsa, Bank sənədləri bu məqsədlə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nəzdində yaradılmış Xüsusi Komissiyaya göndərəcəkdir. Həmin komissiyanın qərarı əsasında əmanətçiyə əmanət kitabçasını əvəz edən sənəd veriləcək və birdəfəlik ödəmənin verilməsi həmin sənədə əsasən həyata keçiriləcəkdir.

Fərdi birdəfəflik ödəmələrdən vergi tutulacaqmı?
Xeyr. Vergi Məcəlləsinə uyğun olaraq bu növ ödəmələr vergidən azaddır.

Birdəfəlik ödəməni almaq üçün əmanətçi müəyyən səbəblərdən müvəkkil banka 2012-ci ilin 31 dekabr tarixinədək müraciət etməsə, həmin müddətdən sonra əmanətçinin müraciətinin taleyi necə olacaq?

Fərmanda bu barədə müddət nəzərdə tutulmuşdur və əmanətçilərdən xahiş olunur ki, həmin müddət ərzində Banka müraciət etsinlər. Üzrlü səbəblərdən bu müddətdə müraciət edə bilməyənlərin müraciətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır.

Keçmiş SSRİ məkanının hər hansı bank filialında əmanət saxlayan və hal-hazırda Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə birdəfəlik ödəmə verilirmi?

Fərmandan da göründüyü kimi, həmin sənəd keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında saxlanılan əmanət qalıqlarına şamil edilir və keçmiş SSRİ-nin digər bank filiallarında əmanət saxlayan Azərbaycan Respublikası vətəndaşları olan şəxslərə birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmamışdır.

Fərdi birdəfəlik ödəmələrin dəqiq hesablanması qaydasını haradan öyrənmək olar?

Fərdi birdəfəlik ödəmələrin hesablanması Fərmanla təsdiq edilmiş “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları”nda göstərilib. Əmanətçilərə yardım etmək məqsədilə Maliyyə Nazirliyinin və “Kapital Bank” ASC-nin internet səhifələrində onlayn kalkulyator xidməti yaradılıb və əmanətçilər həmin xidmət vasitəsi ilə, əmanət qalıqlarını daxil etməklə alacaqları məbləğləri hesablaya biləcəklər.

Xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilər etibarnamə vasitəsilə fərdi birdəfəlik ödəmələri bankdan götürə bilərlərmi?

Mövcud qanunvericliyə uyğun olaraq təsdiq olunmuş və Azərbaycan Respublikası tərəfindən tanınan etibarnaməyə ona əlavə olunan digər müvafiq sənədlər təqdim edilməklə fərdi birdəfəlik ödəmə bankdan götürülə bilər.

Banka təqdim olunmuş əmanət kitabçası ilə bankda olan məlumat arasında uyğunsuzluq olduqda bu məsələ necə həll olunur?

Birdəfəlik ödəmənin verilməsi ilə əlaqadar bankla əmanətçi arasında yaranan mübahisəli məsələlərə baxılması üçün Fərmanda Maliyyə Nazirliyinin nəzdində Xüsusi Komissiyanın yaradılması nəzərdə tutulmuşdur və əmanətçi həmin Komissiyaya müraciət edə bilər. Xüsusi Komissiya mübahisəni (uyğunsuzluğu) araşdıraraq müvafiq qərar qəbul edəcəkdir. Həmin Qərar bank üçün məcburi hüquqi qüvvəyə malikdir.

Xüsusi Komissiyanın qərarlarından məhkəməyə şikayət verilə bilərmi?

Qüvvədə olan qanunvericilik buna imkan verir. Hər bir əmanətçinin Xüsusi Komissiyanın qərarından məhkəməyə şikayət etmək hüququ vardır.

1992-ci il 1 yanvar tarixinədək Azərbaycan Respublikasından köçüb gedən əmanətçilərə fərdi birdəfəlik ödəmələr şamil edilirmi?

1992-ci il 1 yanvar tarixinədək Azərbaycan Respublikasından köçüb gedən əmanətçilər Azərbaycan Respublikası vətəndaşlığını saxladığı və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etdiyi təqdirdə onlara fərdi birdəfəlik ödəmələrin verilməsində hər hansı məhdudiyyət yoxdur.

Mən, Məmmədov Məmməd 01.01.1992- ci il tarixə keçmiş SSRİ  Əmanət  Bankının Azərbaycan Respublikası Bankinda  şəxsi əmanət hesabımda olan pul vəsaitimin məbləğini öyrənmək üçün “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə müraciət etdim. Bankdan mənə bildirdilər ki, şəxsi əmanət hesabımda 1500 rubl    (3 qəpik) məbləğində pul qalığı vardır. Bu qalığa hansı məbləğdə Azərbaycan Respublikası Prezidentinin 2012 –ci il 14 mart tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq fərdi birdəfəlik ödəmə veriləcəkdir?

3 qəpik (0,03 yeni Azərbaycan manatı) ×75manat =225 manat 
Bununla yanaşı hesab bağlandiğına görə əmanətin özü də, yəni 3 qəpik (0,03 yeniAzərbaycan manatı) əmanətçiyə geri qaytarılır.
Beləliklə, əmanətçiyə  onun arzusu ilə  nağd qaydada və ya onun digər bank hesabına 225 manat  3 qəpik vəsait ödənilir.

Mən, Xəlilov Ramizin 01.01.1992- ci il tarixə şəxsi əmanət hesabımda 2500 rubl (5 qəpik) məbləğində pul qalığı vardır. Bu qalığa hansı məbləğdə fərdi birdəfəlik ödəmə veriləcəkdir?

300 manat (2000 rubladək (4 qəpiyədək) hesablanan məbləğ) + 1 qəpik  (əmanət qalığının 2000 rubldan (4 qəpikdən) artıq olan hissəsi) ×50 manat = 350 manat
Bununla yanaşı hesab bağlandiğına görə əmanətin özü də, yəni 5 qəpik (0,05 yeni Azərbaycan manatı) geri qaytarılıb.
Beləliklə, əmanətçiyə  onun arzusu ilə  nağd qaydada və ya onun digər bank hesabına 350 manat  5 qəpik vəsait ödənilir.

Mən, Hüseyinov Arifin 01.01.1992- ci il tarixə şəxsi əmanət hesabımda 7500 rubl (15 qəpik AZN ) məbləğində pul qalığı vardır. Bu qalığa hansı məbləğdə fərdi birdəfəlik ödəmə veriləcəkdir?

600 manat (5 000 rubladək (10 qəpiyədək) hesablanan məbləğ) +5 qəpik (əmanət qalığının 5 000 rubldan (10 qəpikdən) artıq olan hissəsi)× 40  manat = 800 manat
Bununla yanaşı, hesab bağlandığına görə əmanətin özü də, yəni 15 qəpik (0,15 yeni Azərbaycan manatı) əmanətçiyə geri qaytarılıb.
Beləliklə, əmanətçiyə  onun arzusu ilə  nağd qaydada və ya onun digər bank hesabına 800 manat  15 qəpik vəsait ödənilir.

Mən, Səmədov Vüsalın 01.01.1992- ci il tarixə şəxsi əmanət hesabımda 18 500 rubl (37 qəpik) məbləğində pul qalığı vardır. Bu qalığa hansı məbləğdə fərdi birdəfəlik ödəmə veriləcəkdir?

1 000 manat (10 000 rubladək (20 qəpiyədək) hesablanan məbləğ)  + 17 qəpik (əmanət qalığının 10 000 rubldan (20 qəpikdən) artıq olan hissəsi)×25 manat =1425 manat
Bununla yanaşı hesab bağlandiğına görə əmanətin özü də, yəni 37 qəpik (0,37 yeni Azərbaycan manatı) əmanətçiyə geri qaytarılır.
Beləliklə, əmanətçiyə  onun arzusu ilə  nağd qaydada və ya onun digər bank hesabına 1425 manat  37 qəpik vəsait ödənilir.

Mən, Mirzəyev Xəlilin 01.01.1992-ci il tarixə 3 şəxsi əmanət hesabımda cəmi 33 000 rubl (66 qəpik) məbləğində pul qalığım vardır. Bu qalığa hansı məbləğdə fərdi birdəfəlik ödəmə veriləcəkdir?

Mirzəyev Xəlilin adına
1721 №- li şəxsi hesab üzrə  - 5 000 rubl (10 qəpik)
3899 №- li şəxsi hesab üzrə  - 9 000 rubl (18 qəpik)
3942 №- li şəxsi hesab üzrə  - 19 000 rubl (38 qəpik)
Cəmi                                 --   33 000 rubl (66 qəpik) qalıq vardir.
Bu halda şəxsi əmanət hesablarının  qalığı  cəmlənərək ümumi məbləğə fərdi  birdəfəlik ödəmə verilir.
1000 manat (10 000 rubladək (20 qəpiyədək) hesablanan məbləğ)  + 46 qəpik (əmanət qalığının 10 000 rubldan (20 qəpikdən) artıq olan hissəsi) ×25 manat =2150 manat
Bununla yanaşı, hesab bağlandiğına görə əmanətin özü də, yəni 66 qəpik (0,66 yeni Azərbaycan manatı) əmanətçiyə geri qaytarılıb.
Beləliklə, əmanətçiyə  onun arzusu ilə  nağd qaydada və ya onun digər bank hesabına  2 150 manat  66 qəpik vəsait ödənilir.

Mən, Qurbanov Vəlinin 15.12.1991-ci il tarixə 25500 rubl (51 qəpik) və 12.03.1992-ci il tarixə 35500 rubl (71 qəpik) məbləğində pul qalığım vardır. Bu qalığa hansı məbləğdə fərdi birdəfəlik ödəmə veriləcəkdir?

Sizin şəxsi əmanət hesabında olan pul qalığınızın 25 500 rublu (0,51 yeni Azərbaycan manatı (AZN) və ya 51 qəpik) Fərmanın şamil edildiyi tarixdən əvvəl, 35 500 rublu (0,71 yeni Azərbaycan  manatı (AZN) və ya 71 qəpik) isə ondan sonrakı tarixdə qoyulmuşdur. Bu halda fərdi birdəfəlik ödəmə yalnız 25 500 rubl (51qəpik) məbləğinə veriləcəkdir və aşağıdakı qaydada hesablanacaqdır:

  • 1000 manat (10 000 rubladək (0,20 AZN) hesablanan məbləğ və ya 20 qəpik)  + 0,31 manat (əmanət qalığının 10 000 rubldan (0.20 AZN-dən artıq olan hissəsi) ×25manat =1775 manat
  • Bununla yanaşı, 0,51  AZN və ya 51 qəpik məbləğində qalıq da götürülməlidir.
Beləliklə, əmanətçiyə  onun arzusu ilə  nağd qaydada və ya onun digər bank hesabına  1775 manat  51 qəpik vəsait ödənilir.

Baxış sayı: 1606

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb