Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


«Hər il büdcənin onda biri borca gedəcək»


Rövşən Ağayev: «Təhsil, səhiyyə işçiləri, məmurlar maaş artımından ümidlərini kəssinlər»

Məlumdur ki, 2016-ci ilin dövlət büdcəsində hökumət ciddi ixtisarlara gedib. Belə ki, gələn ilin dövlət büdcəsinin gəlirləri cari ilin büdcə proqnozu ilə müqayisədə 25.1 faiz, xərcləri isə 23 faiz az olması gözlənilir. Gələn ilin büdcə kəsiri isə 1.6 milyard manat həddində proqnozlaşdırılıb. Neftin qiymətinin ucuzlaşmasını nəzərə alan hökumət büdcə layihəsində «qara qızıl»ın qiymətini 50 dollardan hesablayıb. 

2016-ci ilin büdcə layihəsinə əsasən, ölkənin iqtisadi və sosial aləmində nələr gözlənildiyini İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev «Bizim Yol»a şərh edib.  

 

- Rövşən bəy, necə düşünürsünüz, 2016-ci ilin dövlət büdcəsinə hökumət ehtiyatla yanaşdığını demək olarmı?

- Əslində, buna ehtiyatdan çox məcburiyyət demək olar. Hökumət ehtiyatlı davranmış olsaydı, belə bir addımı indiyədək büdcə xərcləmələrində göstərməli idi. «Protsiklik  büdcə» siyasəti deyilən bir anlayış var. Bu, o deməkdir ki, resurs hesabına formalaşan ölkələrdə həmin resursların qiyməti dünya bazarında baha olanda büdcə xərcləmələrini kəskin şəkildə artırırlar, ucuzlaşanda isə kəskin şəkildə endirirlər. Hökumətlər də şəraitə uyğun dəyişikliyə əl atırlar. Beynəlxalq maliyyə təşkilatları, sanballı ekpertlər bu siyasəti yanlış hesab edirlər. Bu siyasətin fəsadlarını düzgün qiymətləndirə bilməyən, xüsusilə uzun müddətli büdcə planlaşdırmasına keçə bilməyən hökumətlər həmişə protsiklik siyasətdən əziyyət çəkirlər. Ona görə də, Azərbaycanın 2016-cı ilin büdcəsindəki təqribən 25 faizlik ixtisar ehtiyatdan deyil, məcburiyyətdən irəli gəlib. Dünya bazarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşması və bu ucuz qiymətin 2016-ildə də qala bilmə ehtimalları Azərbaycan hökumətini büdcəni 25 faiz «qayçılamağa» məcbur edir.  

Səhv etmirəmsə, son 15 ildə ilk dəfə proqnozlaşdırılan büdcədə kəskin azalma baş verir. 2009-ci ilin büdcəsində azalma olmuşdu, amma burada proqnoz deyil, faktiki azalmadan söhbət gedirdi.  

- Ən ciddi azalmalardan biri Vergilər Nazirliyi üzrə daxilolmalardadır. Hansı səbəbdən vergi yığımlarında 510 milyon manat azalma gözlənilir? 

- Gələn ilin büdcəsinin gəlirlərində ümumilikdə 4 milyard 872 milyon manat azalma proqnozlaşdırılır. Bunun 4.3 milyardı Dövlət Neft Fondunun transfertlərindəki azalma hesabına olacaq. 2015-ci ilin büdcəsində transfertlərin həcmi 10.3 milyard manat proqnozlaşdırılırdı. Gələn il üçün isə bu rəqəm 6 milyard manat olacaq. Büdcənin gəlirlərindəki qalan 500 milyondan çox azalma da Vergilər Nazirliyinin payına düşür. Əslində, bu, az vəsait deyil. Çünki Vergilər Nazirliyinin büdcədəki payını çox hesab etmək olmaz. 2015-ci ilin büdcəsinin gəlirlərində sözügedən nazirliyin payı  1/3-ə malik idi. Ona görə də, 7.1 milyard manatlıq proqnozun birdən-birə 510 milyon azalması kiçik rəqəm deyil, burada təqribən 7 faizlik azalmadan söhbət gedir…  

- Vergi daxilolmalarda ən ciddi azalma mənfəət vergisində, daha sonra aksizlər və ƏDV-də özünü göstərir… 

- 2014-ci ilin nəticəsindən çıxış edərək bildirim ki, mənfəət vergisinin 83-84 faizi, aksizlərin isə 98.5 faizi neft sektorundan formalaşır. Nəzərə almaq lazımdır ki, dünya bazarındakı qiymətlərə görə neft sektorunda vəziyyət ağırdır, Dövlət Neft Şirkəti və xarici neft şirkətlər əvvəlki illərdəki qədər vergi ödəyə bilmirlər. İstisna etmirəm ki, qeyri-neft sektoru üzrə mənfəət vergisindən daxilolmalarda da azalma olacaq. Amma ümumilikdə, mənfəət vergisi üzrə təqribən 390 milyon manata (18 faiz) yaxın azalma gözlənilir. Bu eniş əsasən, xarici neft şirkətlərinin hesabına olacaq. Çünki onlar yalnız mənfəət vergisi ödəyirlər. Həmin xarici şirkətlər əvvəlki illərdə 1.1-1.2 milyard, hətta 2012-ci ildə 1.4 milyard manata qədər mənfəət vergisi ödəyiblər. Amma indiki halda həm hasilat aşağı düşüb, həm də qiymətlər. Bu ilin 8 ayının nəticələrinin ötən ilin müvafiq dövrü ilə müqayisədə neft ixracında 14.5 faiz azalma var. Bu tendensiyanın gələn il də davam etmə ehtimalı böyükdür. Bir tərəfdən hasilat, digər tərəfdən qiymətlər aşağı düşür.  

Büdcə gəlirlərində Vergilər Nazirliyi üzrə 510 milyonluq azalmanın 390 milyonu mənfəət vergisində gözlənilirsə, deməli, əsas problem neft sektorunda yaşanacaq. Çünki dediyimiz kimi, mənfəət vergisinin 84  faizi neft sektorunda formalaşır.  

Onu da qeyd edim ki, əgər neftin qiyməti 45-55 dollar intervalında hərəkət edərsə və hökumət bu xərcləmələri həyata keçirmək məcburiyyətində qalarsa, problemlərlə üzləşə bilər. Bildiyiniz kimi, investisiya xərclərində təqribən 2 dəfəyədək azalma var. Eyni zamanda iqtisadi aktivlik xeyli zəifləyib. Onsuz da, şaxələndirilmiş iqtisadiyyata malik deyilik, bir neçə sektorun-xidmət, tikintinin və neft sektorunun çiyinləri üzərində qalıb. Neft sektorunda vəziyyət aydındır. İndi xidmət və tikinti sektoru da çökməyə başlayıb. Habelə, Rusiyadan pul axınının kəskin şəkildə zəifləməsi, devalvasiyadan sonra qiymətlərin artması, alıcılıq qabiliyyətinin aşağı düşməsi, əhalinin yoxsullaşması çətinliklər yaradacaq. Bütün bunların müqabilində Vergilər Nazirliyinin bu vergi öhdəliyini yerinə yetirə bilib-bilməyəcəyi sual doğurur. Hökumət bu öhdəlikləri bir halda yerinə yetirə bilər. Əgər 2016-ci ildə hökumət devalvasiyaya getməsə və valyuta ehtiyatlarının «əriməsi» hesabına manatın kursunu saxlamağa çalışsa, o halda bu vergi yığımını həyata keçirmək çətin olacaq. Amma devalvasiyaya gedərək qiymətlərin artımına təkan versə, o zaman vergi yığımlarını icra edə biləcək. Onda büdcə inflyasiya hesabına doldurulacaq. Yəni Vergilər Nazirliyinin yerinə yetirəcəyi öhdəlik real olmayacaq, bu, daha çox inflyasiya hesabına baş verəcək. 

- Belə aydın olur ki, hökumət büdcə öhdəliklərini yerinə yetirməsi üçün gələn il yenidən devalvasiyaya getmək ehtimalı böyükdür? 

- Devalvasiya çox çətin bir qərardır. Birinci devalvasiya ərəfəsində bir neçə ekspert əsaslandırılmış şəkildə bildirirdik ki, manatın ucuzlaşması gözlənilir. İndiki situasiyada isə devalvasiyanın baş verəcəyini deməkdə tərəddüd edirəm. Ona görə ki, birinci devalvasiyadan sonra ölkənin bank, maliyyə sektoru çökmə həddinə çatıb. Növbəti devalvasiya isə sözügedən sektoru tamamilə çökdürə bilər. Azərbaycan bankları və şirkətləri xaricdən dollarla çox böyük vəsaitlər cəlb edib. Devalvasiya zamanı ən böyük zərbə iki subyektə dəyir. Birinci, xarici valyuta ilə borclanmış subyektlərə, ikincisi, xarici məhsullarla dolanan istehlakçı kütləsinə. Hökumət inzibati yollarla qiymət artımının qarşısını aldı. Çalışdılar ki, qiymət artımı ilə bağlı yükü şirkətlərin üzərinə keçirsinlər. «Azərsun»un rəhbəri mətbuata açıqlamasında bildirdi ki, yaranmış vəziyyətə fəadkarlıqla dözdülər, başqa şirkətlər buna tab gətirə bilməzdilər. Bu, devalvasiyadan sonra bütün yükün şirkətlərin üzərlərində qalmasının açıq şəkildə etirafı idi. İkincisi devalvasiya baş verərsə, inzibati qaydada qiymət artımının qarşısının alınacağına inanmıram. Əks halda olan-qalan biznes də öləcək. Nə qədər resurs var idisə, birinci devalvasiyanın fəsadlarının aradan qaldırılmasına yönəldildi.  

Bundan başqa, xarici valyuta ilə borc olan şirkətlərin də sayı az deyil. Məsələn, Dövlət Neft Şirkətinin 7 milyardan artıq borcu var. Üstəgəl, bank sektorunun da 7 milyarda yaxın borclanıb. Bunun üzərinə dövlət borcunu da gəlsək, mənzərə aydındır. Əgər 10 faizlik devalvasiya baş verərsə, bank sektoruna 700-800 milyon manat kütləsi ilə əlavə pul ehtiyacı yaranacaq. Bank sektorunda hazırda kreditləşmə məhdudlaşıb. İqtisadi fəallığın zəifləməsinə, faiz dərəcələrinin yüksək olmasına görə kreditə təlabat azalıb. Belə bir situasiyada növbəti devalvasiyanın ola biləcəyini deməyə tərəddüd edirəm, amma istisna da etmirəm. Çox şey neftin qiymətindən asılı olacaq. Gələn il neftin qiyməti 50-60 dollar civarında hərəkət edərsə, hökumət devalvasiyaya getməyə bilər. Təbii ki, burada siyasi faktorlar olmazsa, belə bir zərurət yaranmayacaq. Yəni, hökumət neftin qiyməti 50 dollar ətrafında olduqda belə devalvasiya gedə bilər. Bu o şərtlə baş verə bilər ki, ölkədə siyasi vəziyyət gərginləşsin, əmlaklar kütləvi şəkildə dollarla satılsın, bir il ərzində ölkədən 10-15 milyard dollar kapital axını baş versin. Amma bütün şərtlər sabit qalacaqsa, devalvasiya ehtimalı çox aşağıdır. Bununla bərabər, neftin qiyməti 40-45 dollardan aşağı düşərsə, sözügedən ehtimal öz qüvvəsində qalır.   

- 2016-cı ili dövlət büdcəsinin gəlirlərin hesablanmasında neftin qiymətinin 50 dollardan götürülməsinə necə yanaşırsınız? 

- Prinsipcə, neftin qiymətinin 45-50 dollar arasında götürülməsi normal sayıla bilər. 2015-ci ilin büdcəsində 90 dollardan götürülərkən, sizə müsahibəmdə bildirmişdim ki, bu, çox ehtiyatsız yanaşmadır. İndiki situsiyada isə ixtisaslaşmış və sözügedən bazarı araşdıran, onun tendensiyalarını görmək imkanları olan beynəlxalq təşkilatların neftin orta qiyməti ilə bağlı gələn il üçün gözləntiləri 40-50 dollar arasındadır. Ona görə də, 2016-cı ilin büdcəsində «qara qızıl»ın 50 dollardan hesablanmasında heç bir problem yoxdur. Nəzərə almaq olar ki, hökumətin bu büdcənin özündə də müəyyən ixtisarlar aparmaq imkanları var. Burada söhbət investisiya xərclərindən gedir. Zərurət yaranarsa, digər xərclərə toxunmadan, bu istiqamətdə ixtisar aparmaq imkanları mövcuddur.  

- Maliyyə Nazirliyi büdcə sənədində aksiz vergilərinin azalması ilə bağlı diqqət çəkən bir açıqlama verib. Bu istiqamətdəki azalmanı aksiz mallarının istehsalının aşağı düşməsi ilə proqnozlaşdırırlar. Bunlar hansı mallardır və onların istehsalı niyə aşağı düşəcək? 

- Xarici ticarət dövriyyəsində müşahidə etdiyim tendensiya zamanı aksizə cəlb olunan bəzi məhsulların ixracında azalma olduğunu gördüm. Eyni zamanda Dövlət Statistika Komitəsinin 7 ayının nəticələrinə görə içki məhsullarının istehsalı aşağı düşüb. Çox güman ki, Azərbaycanın istehsal etdiyi spirtli içkilərin xaricdə müəyyən bazarı olub. İndi həmin bazarı itirdiyinə görə, istehsalı azalıb. Eyni vəziyyət tütün məmulatlarında da hökm sürür. Azərbaycanda qeyri-neft sektorunda aksiz vergisinə cəlb edilən məhsullar içkilər və tütün məmulatlarıdır. Doğrudur, aksiz vergilərində 32 milyon manat (bu istiqamətdə daxilolmalar  532 milyon manat proqnozlaşdırılır- V.R) azalma gözlənilir. Və bu iki məhsul üzrə yığılan aksiz vergisi üst-üstə heç 20-25 milyon manat həddində deyil. Əsas pay neft sektorunun üzərindədir. Çox güman ki, azalmada əsas pay Dövlət Neft Şirkətinin üzərinə düşəcək. Buna səbəb Dövlət Neft Şirkətinin maliyyə vəziyyətinin yaxşı olmamasıdır. Ola bilsin ki, hökumət şirkətin büdcə öhdəliklərini yüngülləşdirməkdə maraqlıdır. Neft şirkətinin Türkiyə və digər ölkələrdə investisiya öhdəlikləri mövcuddur. Bu səbəbdən hökumət onun vergi yükünə əl gəzdirməsində maraqlı ola bilər.  

- Dövlət Neft Fondundan büdcəyə transfertlərin 42 faiz həddində azaldılacağı gözlənilirdimi? 

- Ümumiyyətlə, hökumətin Dövlət Neft Fonduna yanaşması əvvəldən doğru olmadı. Başqa fondları demirəm, ən azı Qazaxıstan təcrübəsindən istifadə edə bilərdi. Qazaxıstan neft fondundan büdcəyə ayırmalarını qanunla təsdiqləyib və limit qoyulub. Həmin ayırmaların 3 illiyi təsdiqlənib və onu yalnız parlament dəyişə bilər. Protsiklik büdcə siyasətindən qaçmağın ən gözəl yollarından biri də bu olardı ki,  Azərbaycan hökuməti də Neft Fondundan köçürmələrə müəyyən limit tətbiq edərdi. 2015-ci ildə devalvasiya olmasaydı, Dövlət Neft Fondu üçün 5.5-6 milyard manatlıq gəlir proqnozlaşdırmışdıq. Amma indi artıq görünür ki, maksimum 8 milyard manat ola bilər. Belə ki, bu ilin 8 ayının nəticələrinə görə, Fonda 5 milyard manatdan çox vəsait daxil olub. Əgər qiymətlər indiki səviyyədə qalarsa, ən yaxşı halda 7.5-8 milyard manat olacaq. Onu da nəzərə almaq lazımdır ki, ilin ortasında neftin qiyməti yüksək oldu, hətta may-iyun aylarında 57-58 dollar arasında dəyişdi. Əgər gələn il neftin orta qiyməti 45-50 dollar arasında dəyişərsə, devalvasiyaya gedilməzsə, Neft Fondunun gəlirləri ən yaxşı halda 6-6.5 milyard manat olacaq. Buradan görünür ki, hökumət həmin vəsaiti tam şəkildə dövlət büdcəsinə transfert etmək fikrindədir. Başqa tərəfdən, Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı Neft Fondunun öhdəliyi var və 2015-ci ildən ayırmalara başlayıb. Bu il də hökumət Dövlət Neft Fonduna 2 milyard manat əlavə gəlir və xərc nəzərdə tutur. Bu da onu göstərir ki, Fondun aktivlərindən istifadə edilməsi düşünülür. 

Dövlət büdcəsinə 10.3 milyard manat transfert nəzərdə tutulsa da, son açıqlamadan məlum olur ki, ayırmaların 8.1 milyard manat olacağı planlaşdırılır. Amma cari il üçün 7.5-8 milyard manatdan yuxarı gəlir gözlənilmir. Bu vəsait isə dövlət büdcəsinə transferti güclə qarşılaya bilər. Eyni zamanda Fondun özünün 1.5 milyard manata yaxın xərc öhdəliyi proqnozlaşdırılır. Əgər  2015-ci ildə ümumi xərcləmələrin hamısı tam icra olunacaqsa, o zaman aktivlərdən istifadə ediləcək. 2016-cı ildə də Neft Fondunun xərcləri gəlirlərini 1.5 milyard manata yaxın üstələməsi gözlənilir.  

- Gələn il üçün aktivlərdən nə qədər istifadə edilə bilər? 

- Dediyim kimi, devalvasiya istisna olunarsa, neftin qiyməti isə 45-50 dollar arasında dəyişərsə, ən azı 2-2.5 milyard manat ətrafında aktivlərdən istifadə edilə bilər. 

- Dövlət büdcəsinin xərclər hissəsində diqqət çəkən bir neçə məqam var. Onlardan biri investisiya xərclərinin kəskin şəkildə ixtisar olunmasına baxmayaraq, mədəniyyət və idman xərclərinin iki dəfə artmasıdır… 

- Düzü, Maliyyə Nazirliyinin təqdim etdiyi layihədə onun detalları açıqlanmayıb. Büdcə zərfində bunu daha detallı görə biləcəyik. Amma ilkin ehtimal kimi deyə bilərik ki, bu artım beynəlxalq idman tədbirləri ilə bağlıdır. Bildiyiniz kimi, ölkəmizdə Formula-1 yarışının keçirilməsi planlaşdırılır.  

- Maraqlıdır ki, "sosial müdafiə" xərcləri bölməsində 144 milyon manatlıq azalma proqnozlaşdırılır. Qanunvericiliyə görə, sosial xərclər toxunulmazdır, yəni azaldıla bilməz. O zaman hansı sosial müdafiə xərcləri ixtisara düşə bilər? 

- "Büdcə sistemi haqqında" Qanuna görə, il ərzində büdcə təsdiqlənibsə, müdafiə olunan xərclər toxunula bilməz. Bura  əmək haqları, sosial müavinətlər, təqaüdlər və sair daxildir. Sadəcə olaraq sosial müdafiə xərclərinin tərkibinə baxmaq lazımdır ki, hökumət burada nələri azaldacaq. Büdcənin indiki təqdim olunan formatında həmin strukturu görmək mümkün deyil. Yalnız büdcə zərfinə əsasən, buna aydınlıq gətirmək olar.  

Ümumiyyətlə, büdcə xərcləmələrində əsas azalma iki bölmədə baş verib. Birincisi, investisiya xərcləridir ki, burada təqribən 4 milyarda yaxın azalma var. İkincisi isə "əsas bölmələrə aid edilməyən xidmətlər"dir ki, bu bölmə üzrə 1.8 milyardlıq ixtisar baş verib.  

- Gələn il üçün büdcə xərclərinin 23 faizə yaxın ixtisarı sosial gərginliyin yaranmasına gətirə bilərmi? 

- Büdcə rəqəmlərindən hökumət göstərmək istəyir ki, sosial xərclərə toxunulmayacaq. Sosial xərclərə diqqət yetirəndə, təhsilə ayrılan vəsaitlər ciddi dəyişməyib, amma səhiyyə və sosial müdafiədə 177 milyon manata yaxın azalma var. Səhiyyə xərclərinin 4.2 faiz azalması kiçik rəqəm deyil. Hökumətin bunu dərman xərclərində,  ya lazımsız ştatların ləğvi ilə əlaqədar olaraq əmək haqqı fondunda aparacağı  məlum deyil. Sosial müdafiə xərclərinin də 144 milyon manat (7.1 faiz) ixtisar edilməsi, kiçik göstərici deyil, əlbəttə, kimlərinsə mənafeyinə toxunacaq. Amma insanların mənafeyinə toxunan ən ciddi azalma tikinti xərclərinin ixtisarıdır. Çünki tikinti xərcləri müvəqqəti də olsa, xeyli sayda insanlar üçün iş yeri yaradırdı. Hətta hazırkı vəziyyətdə tikintilərin bir çoxunun dayandırılması, bu sektorda işsizliyi qabarıq hiss etdirir. Təsəvvür edin ki, 2015-ci ildə büdcədən investisiya xərcləri üçün kifayət qədər vəsait ayrılmışdı. 2016-cı ildə isə sözügedən istiqamətdə xərclərin iki dəfə azaldılması daha böyük zərbə vura bilər. Lakin xərclərlə bağlı məni narahat edən başqa bir məsələ var. Belə ki, ölkədə inflyasiya prosesi start götürüb. Xüsusilə, son bir ayda ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə edilir. Hökumət büdcə təşkilatlarında çalışan insanların əmək haqlarının inflyasiyaya uyğun indeksasiya etməli olduğu bir vaxtda, 2016-cı ilin büdcəsi göstərir ki, əhalinin maaşlarının və təqaüdlərin artımına gedilməyəcək. Yəni gündəlik tələbat mallarının bahalaşdığı bir dönəmdə təhsil, səhiyyə, mədəniyyət işçiləri və az maaşlı məmurlar əmək haqlarının artımından ümidlərini kəsməlidirlər.  

- Rövşən bəy, hökumət 2015-ci ilin büdcəsinin icrasında çətinlik yaranacağı təqdirdə investisiya xərclərini ixtisar edəcək. Amma 2016-cı ilin büdcəsində əsaslı vəsait qoyuluşu 2 dəfə azaldılıb. Ayrılan vəsait isə, əsasən, strateji layihələrə yönəldiləcək. Əgər gələn ilin büdcə icrasında çətinlik yaranarsa, hökumət bunu nə ilə sığortalaya bilər? 

-  Düzü, 2016-cı ilin dövlət büdcəsinin icrasında ciddi problemlərin yaranacağını düşünmüəm. Gəlirlərin indiki səviyyəsi kifayət qədər ixtisar olunub. Xərclərin azaldılmasına ehtiyac yaranarsa, yenə də investisiya xərclərinə əl atıla bilər.  

Burada maraqlı məsələlərdən birini qeyd edim. Hökumət büdcə xərcləmələrində infrastruktur layihələrinin maliyyələşməsində beynəlxalq maliyyə təşkilatları ilə müştərək iştirakını özünün prioritetlərindən biri elan edib. Eyni zamanda bir çox layihələrin maliyyələşməsində özəl sektorun imkanlarının araşdırılması məsələsini ortaya qoyub. İndiyədək biz deyəndə ki, hansı sahələrə özəl sektor investisiya qoya bilər, habelə beynəlxalq maliyyə təşkilatları ilə müştərək iş görmək mümkündür, həmin vaxt korrupsiya maraqlarından çıxış edən məmurlar neft pullarını bu istiqamətlərə yönəltdilər. Artıq məcburiyyət qarşısında formalaşan büdcə siyasəti diktə edir ki, bu xərclərin alternativini başqa mənbələrdə axtarsınlar. Əgər neftin aşağı qiyməti uzun müddət qalarsa, çox güman ki, hökumətin məmurların korrupsiya maraqlarına xidmət edən layihələrini özəl sektorun və beynəlxalq təşkilatların maliyyəsinə keçirməkdən başqa yolu qalmayacaq. 

- Daxili və xarici borcların ödənilməsi xərcləri 776 milyon manatdan birdən-birə 1.2 milyard manata yüksəlib. Borc ödənişləri nəyə görə artıb? 

- Əvvəlki illərdə hökumət bildirirdi ki, borcları çox deyil. Həmin ərəfədə yüksək neft gəlirləri hesabına büdcə və ÜDM də böyük idi. Bunların timsalında ölkənin borcları böyük görünməyə bilərdi. O zaman bildirirdik ki, həmin borcların əksəriyyəti postneft dövründə qaytarılacaq. Və gəlirlərin azalması fonunda həmin borclar çox görünəcək. 2016-cı il bizim dediyimizi təsdiqləyir. 1.2 milyard manat kiçik bir rəqəm deyil, büdcə xərclərinin 8 faizini təşkil edir. Halbuki, 2015-ci ildə 776 milyon manat borcun ödənilməsi proqnozlaşdırılıb ki, bu, 2.5-3 faiz arasında təşkil edir. Göründüyü kimi, büdcənin kiçildiyi vaxtda bu xərclərin çəkisi 3 dəfəyədək artdı. Əgər büdcə daha da kiçilərsə  və ya 2016-cı ilin səviyyəsində qalarsa, o zaman qarşıdakı illər böyük borclarımızın qaytarılması illəridir. 

O borclar ki, 2007-2010-cu illər arasında götürülmüşdü, onların geri qaytarılması dövrü başlanıb. Bildiyiniz kimi, ilk 3-5 il güzəştli dövr olur. Ona görə də indi büdcədə borcların ödənilməsi ilə bağlı xərclər də artır. Postneft dövrünün tədricən arxada qaldığını nəzərə alsaq, onda hər il dövlət büdcəsinin 1/10-ni ancaq borca qaytaracağıq. Hər 10 manatdan 1 manatını borca qaytarmaq az vəsait deyil. Bu az qala Azərbaycanın təhsilə xərclədiyi vəsait qədərdir, səhiyyə xərclərinin isə 1.5 misli deməkdir.   

- Büdcədə 1.6 milyard manatlıq kəsir proqnozlaşdırılır. Sizcə, maliyyə imkanlarının daraldığı bir dönəmdə bu həddə kəsir riskli deyilmi? 

- Büdcənin ehtiyat fondunda 1.7 milyard manat vəsait var. O vəsaitin bir hissəsi, təqribən 700-750 milyonu əvvəlki illərin büdcə profisiti hesabına formalaşıb və xəzinə qalığında qalıb. 1 milyardı isə avrobondlar hesabına borc kimi götürülüb. Baxmayaraq ki, 2015-ci ildə də 1.6 milyard manatlıq büdcə kəsiri proqnozlaşdırmışdı. Amma indi kəsirin 600 milyon manat olacağı gözlənilir. Çox güman ki, hökumət 1.7 milyard manatlıq ehtiyatın 600 milyonunu bu ilin kəsirini örtməyə yönəldəcək. Qalan 1.1 milyardı növbəti ilə saxlayacaq. Həmin vəsait isə gələn ilin 1.6 milyard manatlıq büdcə kəsirinin örtülməsi ilə bağlı riskləri aradan qaldıra bilər. Onsuz da hökumət kəsiri həmişə yüksək götürür, ilin sonunda aşağı icra edir. 

Ümumiyyətlə, hökumətin ən böyük yanlışlığı o olub ki, Azərbaycanda səmərəli və effektiv büdcə xərcləmələri siyasəti formalaşdıra bilməyib. Bu gün rəqəmləri təhlil edirik, müəyyən təhlükələri, tendensiyaları deyirik. Amma hökumətin səhvi təkcə büdcənin böyük və kiçik götürülməsi ilə məhdudlaşmır. Əvvəlki illərdə səhvə yol verilən məqam odur ki, uzun və orta müddətli büdcə planlaşdırılmasına keçilmədi. Büdcə prioritetlərinin effektivliyinə və nəticəliyinə əsaslanan büdcə menecmentliyinə keçə bilmədi. Proqramlar əsasında tərtib olunan, kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun qiymətləndirilə bilən, eyni zamanda ayrı-ayrı strukturların strateji planları əsasında işlənən büdcəyə keçidi təmin etməlidir. Təəssüf ki, 2016-cı ilin büdcəsində də buna rast gəlmirik. Bu sahədə çox gecikmişik. Qazaxıstan və Gürcüstan artıq buna keçib. Amma məşhur misalda olduğu kimi, ziyanın yarısından da qayıtmaq xeyirdir. Azərbaycan hökuməti yalnız xərcləri artırmaq və azaltmaqdan başqa alternativ görə bilmir. 

 

Vüsalə RÜSTƏMOVA

“Bizim yol” qəzeti

 

 


Baxış sayı: 1718

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb