Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Seçki kampaniyası büdcə müzakirələrini yekunlaşdırdı


Oktyabrın 14-də Milli Məclisdə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib. budget.az saytının Milli məclisə istinadən verdiyi xəbərə görə, müzakirələrin yekunu olaraq büdcə və büdcə zərfinə daxil olan sənədlərin oktyabr ayının 20-də parlamentin IV çağırış payız sessiyasının son iclasında səsə qoyulması qərara alınıb. 

Spiker Oqtay  Əsədovun  sədrliyi  ilə keçən iclasda müzakirələr zamanı  deputatlar “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı fikirlərini bildirdilər, təkliflərini  səsləndirdilər. Çıxışlarda dövlət büdcəsinin sosial yönümlü olması və reallığa əsaslanması  qeyd  olundu.

Milli Məclis Sədrinin müavini Bahar Muradova çıxış edərək bildirdi ki, biz artıq bir neçə gündür büdcə ətrafında müzakirələr, təhlillər aparırıq. Ən ciddi təhlil, ən hərtərəfli analiz isə Prezident tərəfindən hökumətin iclasında edildi. Bu təhlil və analiz həm beynəlxalq miqyası, həm də Azərbaycanın yerləşdiyi bölgəni əhatə etdiyi üçün bununla bağlı bizim əlavə fikirlərimiz bu təhlili daha da möhkəmləndirməyə xidmət edir. 

Milli Məclisin sədri Oqtay Əsədov bildirdi ki, bir çox millət  vəkilləri yeni seçki kampaniyasında iştirak edir. Ona görə hökumətə əvvəlki ildən fərqli olaraq layihəyə  baxılması  üçün 10 gün yox, 6 gün vaxt verilməsi  nəzərdə  tutulur. Büdcə səsverməsinin  bu  ayın 20-də keçırılməsi planlaşdırıldı. 

Sonra gündəlikdə olan “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" qanun layihəsinə baxıldı. Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli sənədlə əlaqədar çıxışında  bildirdi ki, gələn il üçün Fondun gəlirləri 3 milyard 79 milyon manat nəzərdə tutulur. 2016-cı ildə Fondun gəlirlərinin 64 faizinin və ya 1 milyard 972 milyon 200 min manatının sosial sığorta yığımları hesabına təmin ediləcəyi proqnozlaşdırılır. Sosial sığorta haqları üzrə daxilolmaların 1 milyard 325 milyon  740 min manatı qeyri-büdcə təşkilatlarının payına düşür ki, bu da əvvəlki illərdə olduğundan 1,8 dəfə çoxdur. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin mədaxillərinin yeni iş yerlərinin yaranması xətti ilə yüksəlməsi və bu hesaba vətəndaşların pensiya təminatının daha da artırılması dövlət başçısının daim diqqət mərkəzindədir.  Fondun büdcəsinin 2 milyard 923 milyon 588 min manatı bilavasitə əmək pensiyalarının ödənilməsinə yönəlib. Fondun gələn il üçün mədaxil məxaric göstəriciləri bu günün reallıqlarına tam cavab verir. 

Fasilədən  sonra  Dövlət  Sosial Müdafiə Fondunun  sədri  Elman Mehdiyev "Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üzrə büdcəsi haqqında" qanun layihəsini ətraflı şərh  etdi.  Natiq  çıxışında  bildirdi ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun reallaşdırılan islahatlarla əhalinin rifahının əlaqələndirilməsi konsepsiyası uğurla icra olunmaqdadır. Pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsi və sığorta-pensiya sisteminin dayanıqlı inkişafı “Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi layihəsi”nin əsas məzmununu təşkil edir. Layihədə Azərbaycanın növbəti ilə gözlənilən əsas makroiqtisadi göstəriciləri və demoqrafik tendensiyalar nəzərə alınıb. Sənədin tərtibində ölkəmizin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin müasir prinsiplər əsasında əlaqələndirilməsini təmin edən sığorta-pensiya sisteminin cari ilin ötən dövründəki fəaliyyətinin əsas parametrlərinə istinad olunub.

Qeyd olundu ki, cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 2 milyard 185,2 milyon manat təşkil edib, sosial sığorta daxilolmaları ötən ilin müvafiq dövrünə nisbətən 5% artaraq 1 milyard 305 milyon manata çatıb. Bu artım tendensiyası dövlət büdcəsindən ayrılan transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,5 milyon manat azalmasına səbəb olub. Bütün bunlar milli iqtisadiyyatın dayanıqlığı şəraitində əhalinin sosial sığortaya cəlb olunan gəlirlərinin artımını ifadə etməklə yanaşı, sığorta-pensiya sisteminin iştirakçılarının aktivliyinin yüksəldilməsinin nəticəsidir ki, ilin əvvəli ilə müqayisədə fərdi uçot sistemində qeydiyyata alınanların sayı 160 min nəfər artaraq 3 milyon 136 min nəfəri ötüb. 

Sonra “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə baxıldı. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə sənədlə əlaqədar çıxış edərək bildirdi ki, layihədə 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib.  

İclasda “Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi  də müzakirə edildi. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dedi ki, qanun layihəsində ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2016-cı il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilib. 

“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi barədə sənədin müzakirəsi  zamani bildirildi ki, qanunun 4.1-ci maddəsi aşağıdakı redaksiyada verilir: “Bu Qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun 25 faizi həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən işçilərin maddi təminatını yaxşılaşdırmaq məqsədilə dövlət rüsumu ödənilən orqanların xüsusi hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir.” 

Sonra parlamentin  İşlər İdarəsinin müdiri Firudin Hacıyev “Milli Məclisin 2016-cı il üçün xərclər smetası haqqında qanun layihəsi”ni millət  vəkillərinin diqqətinə çatdırdı.  Şərhdə  bildirildi  ki, Milli Məclisin daxili nizamnaməsinin 52-ci maddəsinə əsasən Milli Məclisin xərclər smetası növbəti ilin dövlət büdcəsinə baxılarkən təsdiq edilir. Milli Məclisin və onun aparatının 2016-cı il üçün xərclər smetasının layihəsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq ştat cədvəlləri, inzibati binaların mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanmış müqavilələr və proqnozlara əsasən tərtib edilmişdir.  Xərclər smetasının ümumi dəyərinin 71.7 faizini əməkhaqqı fondu və bununla əlaqədar ayırmalar təşkil edir. 


Daha  sonra  iclasda “Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında” qanun layihəsinə baxıldı. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd  etdi ki, təklif edilən layihəyə əsasən 2016-cı ilin dövlət büdcəsində Hesablama Palatasının saxlanılması üçün 3 milyon 825.5 min manat vəsait ayrılması nəzərdə tutulur. Bu da 2015-ci ilin proqnoz göstərici ilə müqayisədə 66,6 min manat azdır. Azalma əsasən cari əsaslı malları və xidmətləri əhatə edir. Palata üzrə xərclər smetasının ümumi məbləğinin 83.3 faizi əməyin ödənilməsinə sərf edilir. Hesablama Palatasının təqdim etdiyi xərclər smetası onun fəaliyyətini səmərəli təşkil etməyə və nəzarət tədbirlərinin keyfiyyətini yüksəltməyə imkan verəcək.    


Sonda Milli Məclisin sədri Oqtay Əsədov bildirdi ki, müzakirə olunan büdcə və büdcə zərfinə daxil olan sənədlər oktyabr ayının 20-də Milli Məclisin IV çağırış payız sessiyasının son iclasında səsə qoyulacaq. 

 

 


Baxış sayı: 2280

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb