Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Dəyişən büdcənin görünməyən tərəfləri...


Hökumət büdcəni elə tərtib eləmələdir ki, nəinki onun müzakirəsini aparan millət vəkilləri və vətəndaş cəmiyyəti ekspertləri, sadə vətəndaşlar belə sayı-hesabı bilinməyən rəqəmlər toplusundan ibarət bu sənədi asanlıqla oxuya bilsin.

Hətta spesifik anlayışları hamının asan başa düşməsi üçün “büdcə terminlərinin izahlı lüğəti”ni də hazırlayıb Maliyyə Nazirliyinin öz saytında yerləşdirə bilər. Amma hətta terminlər tam anlaşılmasa da, hər kəs büdcənin hər qəpiyinin hara xərcləndiyini dəqiq görmək imkanı olmalıdır. Bunun üçün Maliyyə Nazirliyinin hazırladığı vətəndaş bələdçisi və büdcəyə dair izahat, Hesablama Palatasının rəyi hərbi sirr istisna olmaqla bütün xərclərin son təyinatını dəqiq açmalıdır.

Daha anlaşıqlıqı olsun deyə konkret faktlara diqqət yetirək.

2016-cı ilin dövlət büdcəsini hələ ötən ilin payızında parlamentdə müzakirə ediləndə qanun layihəsi ilə yanaşı bir neçə yüz səhifədən ibarət olan büdcə zərfi müzakirəyə çıxarılmışdı. Həmin sənədlər toplusunda dövlət büdcəsi xərclərinin funksional istiqamətləri (təhsil, səhiyyə, ordu, hüquq-mühafizə və s.), təşkilati strukturu (Mədəniyyət, Təhsil, Daxili İşlər və .s nazirliklər), iqtisadi təsnifatı (əmək haqqı, avadanlıq alınması, ezamiyyə və s.) öz əksini tapırdı. Büdcəyə edilən son dəyişiklik isə yalnız cəmi 12 səhifədən ibarət qanun layihəsi əsasında müzakirə edildi. Millət vəkilləri xərclərin funksional və təşkilati strukturunu görə bildilər, amma iqtisadi təsnifatda hansı dəyişikliklərin aparılmasından məlumatsız qaldılar. Halbuki iqtisadi maddələr  son təyinat xərcləridir – büdcənin yekunda hansı məqsədə xərcləndiyini göstərir. Halbuki “Büdcə sistemi haqqında” Qanunun 27-ci maddəsində büdcəyə yenidən  baxılarkən parlamentə təqdim edilməli sənədlərin siyahısı əks olunub. Həmin sənədlərdən biri məhz belə adlanır:  “büdcə xərclərinin funksional, iqtisadi və inzibati təsnifatlarının paraqrafları səviyyəsində dövlət büdcəsinin xərclərinin layihəsi”. Bu o deməkdir ki, 2016-cı ilin büdcə qanununa yenidən baxılması zamanı qanunvericiliyin tələbinə tam əməl edilməyib.

Əslində Hesablama Palatası öz rəyində hüquqi prosedurlara əməl edilməməsinə öz rəyini ifadə etməli idi.

Lakin qeyri-müəyyənliklər bununla bitmir. Bir çox isitqamətlər üzrə xərclərin artımların məqsədi ilə bağlı nə büdcə sənədində, nə də Hesablama Palatasının rəyində ətraflı izahatlar təqdim olunmur. Məsələn, sosial müdafiə və sosial təminat bölməsi üzrə xərclər 802.2 milyon manat artılıb, lakin həmin vəsaitin 212.2 milyon manatının penisya, təqaüd və müavinətlərə xərclənməsi vurğulansa da, yerdə qalan 590 milyon manatın konkret istiqamətlər və proqram tədbirləri üzrə bölgüsü barədə hər hansı informasiya yoxdur. Başqa bir nümunə: Kənd təsərrüfatı bölməsi üzrə xərclər 87.8 milyon manat artırılıb və həmin artımın “kənd təsərrüfatı, meşə təsərrüfatı, ovçuluq və ətraf mühitin mühafizəsi sahəsində islahatlar”a yönəldiləcəyi bildirilir. Söhbət hansı islahatlardan gedir? Eyni vəziyyət “nəqliyyat və rabitə xərclər” bölməsində də özünü göstərir. “Rabitə” köməkçi bölməsi üzrə xərclərin 11.9 milyon manat artırılması və bu artımın “nəqliyyat, rabitə, informasiya və kommunikasiya sahəsində islahatlar”a xərclənəcəyi qeyd edilir? Söhbət hansı islahatlardan gedir? Əslində hökumət büdcə ilə bərabər özünün islahat paketini də (əgər belə paket varsa) parlamentə təqdim etməli, həmin islahatlar üçün maliyyəni məhz ictimaiyyətə elan edilən konkret tədbirlərə görə istəməlidir.

Hökumət “iqtisadi fəaliyyət” bölməsi üzrə xərcləri 106 milyon manat artırıb. Bu artımla da bağlı detallı izahat yoxdu. Məsələn qeyd edilir ki, qeyd olunan artımın 36 milyon manatı maliyyə sağlamlaşdırılması tədbirlərinə yönəldiləcək. Millət vəkilləri üçün “sağlamlaşdırma tədbirləri”nin əhatə dairəsini qeyd etməyə lüzum olub-olmadığına həmin müzakirə iştirakçılarının özü qərar verə bilər – amma şəffaflıq naminə bu məlumatlar büdcə izahatında təqdim edilməlidir.

“Digər xərclər”, “sair xərclər” maddəsi altında xərclərin bölgüsü son dəyişiklikdə özünü daha kəskin göstərib. Məlum olur ki, 2016-cı ilin dövlət büdcəsi xərcləri 2.2 milyard manat artırlır və onun 1.2 milyard manatı (55%-i) məhz “digər xərclər” maddəsinə aid edilib. Yerdə qalan artmların təyinatı is belədir: əmək ödənişi xərcləri 14%, təqaüdlər və müavinətlər 9.6%, borclar üzrə əməliyyatlar üzrə xərclər 23.9%.

Məlumat üçün deyim ki, 2016-cı ilin büdcəsinin ilkin təsdiq edilmiş variantında “digər xərclər”in büdcədə payı 9.6% idi, son dəyişiklikdən sonra təsdiqlənən yeni büdcədə isə həmin xərclərin payı 15%-ə yüksəldi.

Böhran son zamanlar hökuməti büdcəyə qənaət, xərclərin səmərəli istifadəsi ilə bağlı bəyanatlar verməyə məcbur etdi. Halbuki qənaət və səmərəli istifadə üçün başlıca şərt şəffaflığın təmin edilməsidir. Amma real nəticə belədir: büdcə böyüyəndə şəffaflıq bir büdcə prinsipi olaraq məmurların gündəliyində artıq görünür...       

 

Rövşən AĞAYEV,

İqtisadi Təşəbbüslərə Yardım İB

 


Baxış sayı: 2901

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb