2016-cı ilin dövlət büdcəsi: I rübün icrası
2016-cı ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 3570,6 milyon manat proqnoza qarşı 3678,1 milyon manat və yaxud 3,0 faiz çox olub. Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 101,4 faiz icra edilib və dövlət büdcəsinə 1542,0 milyon manat vəsait köçürülüb. Həmin vəsaitin 78,5 faizi və yaxud 1210,7 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 9,0 faiz-bənd çoxdur. Dövlət Gömrük Komitəsi proqnoza 114,8 faiz əməl edərək büdcəyə 416,9 milyon manat köçürüb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz və yaxud 74,9 milyon manat çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 47,5 milyon manat olub. Sair daxilolmalar üzrə büdcəyə 11,7 mln. manat vəsait daxil olub. Dövlət Neft Fondundan dövlət büdcəsinə 1660,0 milyon manat vəsait transfert edilib. 2016-cı ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 73,3 faiz və yaxud 2 623,5 milyon manat icra olunub. İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 54,4 faizi və yaxud 1426,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz və yaxud 52,0 milyon manat çoxdur. Cari ilin 1-ci rübündə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 16,0 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 153,4 milyon manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 4,8 milyon manat vəsait yönəldilib. Cari ilin 1-ci rübündə icmal büdcənin gəlirləri 4473,2 milyon manat, icmal büdcənin xərcləri isə 3348,3 milyon manat icra olunub. İcmal büdcənin artıqlığı 1124,9 milyon manat təşkil edib.
|
Baxış sayı: 3600 |