Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Son 10 ilin ən pis və dolaşıq salınmış büdcəsi


Ekspertlərin fikrincə, 2017-ci ilin dövlət büdcəsi son 10 ilin ən pis və dolaşıq salınmış büdcəsidir. Ən aydın olmayan məqamlardan biri İslam Həmrəyliyi Oyunları və «Formula 1» yarışlarının maliyyələşdirilməsidir. Bu iki iri tədbirin keçiriləcəyi ildə idmana 38,6 mln manat ayrılıb. Təkcə «Formula 1» yarışlarının keçirildiyi 2016-cı ildə idmana 444,9 mln manat ayrılmışdı. 

Hesablama Palatası məsələyə qismən aydınlıq gətirərək bildirib ki, İslam Həmrəyliyi Oyunları və «Formula 1» yarışlarına 317 mln 300 min manat ayrılıb. Amma bu xərclərin nazirliklər arasında necə bölünməsi barədə məlumat yoxdur. 

Başqa sahələrdə də aydın olmayan məqamlar var. Məsələn, iqtisadçı Rövşən Ağayev qeyd edir ki, sosial müdafiə üzrə xərclərin 2016-cı ilin proqnoz göstərici ilə müqayisədə 2017-ci ildə 650 mln manat azalmasının səbəbi məlum deyil. 

«Hansı konkret xərc maddələri ixtisar olunur? Hansı sosial müdafiə tədbirləri idi ki, 2016-cı ildə hökumət ora vəsait ayırırdı, amma 2017-də buna ehtiyac qalmadı? Heç bir sənəddə bu sualın cavabı yoxdur», deyə o bildirib.  

Başqa bir qeyri-müəyyənlik kənd təsərrüfatı sektoru ilə bağlıdır.


2016-cı ildə ərzaq təhlükəsizliyi proqramı çərçivəsində mineral gübrələrin, motor yağı və yanacağın dəyərinin ödənilməsi üçün fermerlərə 155.6 mln manat subsidiya xərci nəzərdə tutulmuşdu. 2017-ci ildə həmin xərc 148 mln manata endirilib. 

«Amma nəzərə alaq ki, 2017-ci ildə 3 yeni istiqamətə - pambıqçılıq, tütün və barama üçün də subsidiya ödənəcək. Məntiqlə əvvəlki ilə nisbətən subsidiyanın həcmi xeyli artmalıdır»,- deyə Ağayev qeyd edib. 

Qeyd edək ki, elmə ayrılan vəsait də azaldılıb. 2016-cı ildə elmə 131,7 mln manat, 2017-ci ildə 118,5 mln manat ayrılıb. Bu, büdcənin 0,7%-dir. Vaxtilə AMEA-nın mərhum prezidenti Mahmud Kərimov qeyd edirdi ki, elmə ayrılan vəsait büdcənin 2%-dən az olsa, ondan heç nə gözləmək olmaz. 

Məktəbəqədər müəssisələrə 137,8 mln manat (2016-cı ildə 157,4 mln manat), peşə məktəblərinə 23,1 mln manat (2016-cı ildə 33,7 mln manat), mədəniyyət və incəsənətə 120,8 mln manat, (2016-cı ildə  140,9 mln manat), radio, TV, poliqrafiyaya 57,1 mln manat (2016-cı ildə  66,9 mln manat), xəstəxanalara 340,9 mln manat (2016-cı ildə  352,7 mln manat) vəsait ayrılıb.  

R.Ağayev qeyd edib ki, Milli Məclis büdcə müzakirəsində rekordçudur. 2017-ci ilin büdcəsinin müzakirəsi komtələrdəki müzakirələr nəzərə alınmadan 2 gün ərzində aparılıb və müzakirə 8 saat çəkib. Dünyada parlamentlər büdcəni orta hesabla 40-60 gün müzakirə edir. 

R.Ağayev hesab edir ki, hökumət büdcə menecmentini kökündən dəyişməlidir. “Uğurlu təcrübələr göstərir ki, ictimai maliyyə sahəsində islahatların mərkəzində dövlət büdcəsinin perspektiv (orta və uzunmüddətli) planlaşdırılması dayanır. Bu cür planlaşdırma ölkənin gələcək dövrdə inkişafını planlaşdırmaq üçün ən mühüm alətlərdən biridir. Dövlət büdcəsinin perspektiv planlaşdırılması ilk növbədə seçilmiş inkişaf prioritetlərinin hansı mənbələr hesabına maliyyələşdiriləcəyinin dəqiq müəyyən olunmasını tələb edir»,- deyə o bildirib. 

Nümunə kimi o, Hesablama Palatasının 2017-ci il büdcə rəyini göstərir. Orda deyilir ki, 4 ilə yaxındır yaradılan və dövlət büdcəsindən maliyyə yardımı əsasında fəaliyyət görstərən “Azalternativenerji” MMC-nin il ərzində istehsal etdiyi və satışa göndərdiyi elektrik enerjisinin dəyəri Cəmiyyətin saxlanılması üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləğindən dəfələrlə azdır. 

Palata qeyd edir ki, MMC 2015-ci ildə 8,2 milyon kv-saat enerji istehsal edib. Bu, dəyər ifadəsində 492 min manatdır. Halbuki 2015-ci il dövlət büdcəsində MMC-yə ayrılmış vəsaitin məbləği bundan 6,0 dəfə çoxdur. Əlavə olaraq, hər il də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin saxlanmasına 1.5 mln manat vəsait ayrılır.

“Əslində bütün dövlət qurumlarının büdcədən aldığı vəsaitlə iqtisadiyyata verdiyi töhfəni kəmiyyət və keyfiyyət indikatorları əsasında məhz bu cür ölçmək lazımdır”  - deyə o qeyd edir. 

Digər nümunə kimi RYTN göstərilir. “Köhnə rabitə nazirinin komandası təmizlənən kimi dövlət büdcəsindən rabitəyə ayrılan xərclər də qeybə çəkildi”, deyə iqtisadçı qeyd edir. 

«2016-cı ildə dövlət büdcəsində rabitə xərcləri 43.5 milyon manat təsdiqlənmişdi, 2017-ci ildə 91.5% azaldılaraq cəmi 3.7 mln manat saxlanıb. Deməli, illər uzunu hər il 50-60 mln. manat büdcədən pul alan Nazirliyin büdcə pullarına gerçək ehtiyacının olmamasının aydınlaşması üçün naziri komandası ilə birgə postundan qovmaq lazımmış». 

Qeyd edək ki, dövlət büdcəsinin gəlirləri 15 mlrd 955 mln manat (ÜDM-in 26%-i), azalma 867  mln manatdır (5,2%). Büdcə xərcləri 16 mlrd 600 mln manat.  (ÜDM-in 27%-i), 2016-cı ilə nisbətən azalma  1 mlrd 895 mln manatdır (10,2%).

 

contact.az

 


Baxış sayı: 2715

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb