Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Milli Məclis komitələrinin birgə iclasinda 2012-ci il dövlət büdcəsi layihəsi müzakirə olunub


Noyabrın 16-da parlamentin İqtisadi siyasət, Təhlükəsizlik və müdafiə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət və Sosial siyasət komitələrinin birgə iclasında 2012-ci il üzrə dövlət büdcəsi layihəsi müzakirə olunub. budget.az saytı bu barədə Milli Məclisin mətbuat xidmətinə istinadən məlumat verir.

İclası açan İqtisadi  siyasət  komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, ölkə iqtisadiyyatı qlobal böhran şəraitində də inkişafını davam etdirmiş, ölkədə makroiqtisadi sabitlik təmin olunmuş, sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilib. O, gələn ilin dövlət büdcəsi layihəsinin “Büdcə sistemi haqqında” qanuna uyğun hazırlandığını və vaxtında Milli Məclisə təqdim olunduğunu  diqqətə çatdırıb.

Tədbirdə iştirak edən maliyyə naziri Samir Şərifov  layihə ilə bağlı ətraflı məlumat verdi. O, qeyd  edib ki, gələn ilin əsas maliyyə sənədinin layihəsi “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyəti və ortamüddətli inkişafına təsir göstərən daxili və xarici amillər, o cümlədən 2011-ci ilin ötən doqquz ayı ərzində Azərbaycan iqtisadiyyatının inkişafının əsas meylləri və nəticələri qiymətləndirilməklə tərtib edilib. Layihənin tərtibi prosesində büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların qarşısında qoyulmuş vəzifələrin icrası üçün sabit maliyyə təminatı nəzərdə tutulub. Cari ilin büdcəsinin layihəsi və onun dəqiqləşdirilməsi, həmçinin 2011-ci il dövlət büdcəsinin icrasının Milli Məclisdə müzakirəsi zamanı deputatların, Hesablama Palatasının irəli sürdükləri təklif və tövsiyələr öyrənilmiş, onların bir çoxu 2012-ci il büdcə layihəsində nəzərə alınmışdır. 

Nazir  əlavə edib ki, gələn ilin dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 37,8 faizi həcmində, mütləq ifadədə isə 16 milyard 436 milyon manat və yaxud 2011-ci ilin proqnozuna nisbətən 5,7 faiz (882,2 milyon manat) çox nəzərdə tutulur. Gəlirlərin 12 milyard 35  milyon manatı və ya 73,2 faizi neft, 4 milyard 401,4 milyon manatı və ya 26,8 faizi isə qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcəkdir.

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 310 milyon manat daxilolma nəzərdə tutulur ki, bunun da 3 milyard 180 milyon manatı və ya 59,9 faizi qeyri-neft sektorunun, 2 milyard 130 milyon manatı və ya 40,1 faizi isə neft sektorunun payına düşür. Vergilər Nazirliyi üzrə daxilolmalar 2011-ci ilin proqnozu ilə müqayisədə 2,9 faiz və ya 150 milyon manat çoxdur.

Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 milyard 200 milyon manat gəlir proqnozu nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 60 milyon manat və ya 5,3 faiz çoxdur.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin məbləği 9 milyard 905 milyon manat proqnozlaşdırılıb.

Növbəti il dövlət büdcəsinin xərcləri ÜDM-in 39,1 faiz həcmində nəzərdə tutulub ki, bu da 2011-ci illə müqayisədə 1,5 faiz çoxdur.

Dövlət büdcəsi xərclərinin 51,8 faizi və ya 8 milyard 794 milyon manatı cari xərclərə, 46,1 faizi və ya 7 milyard 828 milyon manatı əsaslı xərclərə, 2,1 faizi və ya 362,4 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir.

Maliyyə naziri onu da bildirdi ki, 2012-ci il icmal büdcəsinin gəlirləri 18 milyard 220 milyon manat olmaqla 2011-ci ilə nisbətən 1 milyard 762 milyon manat və ya 8,8 faiz, xərcləri 20 milyard 26 milyon olmaqla 2011-ci ilə nisbətən 1 milyard 411,7 milyon manat və ya 7,6 faiz çox nəzərdə tutulub.

İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 2 milyard 454,3 milyon manat proqnozlaşdırılır ki, bu da 2011-ci illə müqayisədə 288,8 milyon manat və ya 13,3 faiz çoxdur.

Dövlət Neft Fondunun büdcəsinin xərcləri 10 milyard 483  milyon manat olmaqla 2011-ci illə müqayisədə 630,1 milyon manat və ya 6,4 faiz çoxdur.

İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 305,2 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2011-cu ilə nisbətən 9,9 milyon manat və ya 3,4 faiz çoxdur.

2012-ci ilin icmal büdcəsinin kəsiri 1 milyard 806 milyon manat, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan isə icmal büdcənin kəsiri 12 milyard 503 milyon manat və ya nəzərdə tutulan ümumi daxili məhsulun 28,8 faizi həcmində olacaqdır.

İclasda 2012-ci ilin dövlət büdcəsinin layihəsi ilə bağlı Hesablama Palatasının rəyi dinlənilib. Palatanın sədri Heydər Əsədov bildirib ki, büdcənin əsas müsbət əlamətlərindən biri ilbəil şəffaflığın artırılmasıdır, investisiya xərclərinin ünvanlı verilməsi isə büdcənin yeniliklərindəndir.

İclasın sonunda gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisin plenar iclasının müzakirəsinə  tövsiyə olunub.


Baxış sayı: 1320

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb