Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Qubad İbadoğlu: “Azərbaycanda büdcə prosesində parlamentin iştirakı əhəmiyyətsiz bir işdir”


Milli Məclisdə dövlət büdcəsi layihəsinin müzakirəsi başa çatıb. Hökumət deputatların irad və təkliflərini öyrənərək, layihəyə dəyişiklərə baxacaq. Büdcə layihəsi 10 gündən sonra təsdiq olunmaq üçün yenidən parlamentə təqdim olunacaq. 2012-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 16 milyard 436,4 milyon manat, xərcləri 16 milyard 984,4 milyon manat, kəsiri 548 milyon manat və ya ÜDM-in 1,3 faizi səviyyəsində proqnozlaşdırılır.

İqtisadçı ekspertlər isə büdcə layihəsindən narazılıq və narahatlıqlarını bildirirlər. Bu ilki büdcə ilə bağlı ictimai müzakirələrin keçirilməməsi də narahatlıq doğuran məqam kimi vurğulanır.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun sözlərinə görə, büdcə layihəsi parlamentə getməmişdən əvvəl ictimai müzakirəyə çıxarılmalı olsa da, gözləntilər özünü doğrultmayıb: “Bu barədə rəsmi bəyanatlar da verilmişdi. Təəssüf ki, büdcə yenə də ictimai müzakirədən keçirilməmiş parlamentin müzakirəsinə çıxarıldı və parlament də formal olaraq büdcənin qəbulu prosesini başa çatdırdı. Bu proses onu göstərdi ki, Azərbaycanda ümumiyyətlə büdcə prosesində parlamentin iştirakı əhəmiyyətsiz bir işdir. Çünki burada hətta çox qısa müddətli, beş dəqiqəlik müzakirələr zamanı deyilənlər büdcənin təkmilləşməsində, büdcədə müəyyən dəyişikliklərin aparılmasında heç bir əhəmiyyət kəsb etmir. Yenə də siyasi hakimiyyət növbəti ilin büdcəsini istədiyi kimi formalaşdırır. Hətta büdcə prosesinin yalnız müzakirə mərhələsində deyil, həm də icra mərhələsində parlamentin iştirakı zəifdir”. İqtisadçının sözlərinə görə, tədqiqatlar göstərir ki, büdcə prosesi parlamentdə bitəndən sonra növbəti büdcə ili başlayanda da son nəticədə parlamentdə təsdiq olunmuş variantdan kifayət qədər kənara çıxmalara gedilir, hökumət istədiyi formada büdcəyə əlavə və dəyişikliklər edir.

“Bizim hesablamalarımız göstərir ki, ümumiyyətlə icra hakimiyyətinin həyata keçirdiyi büdcənin cəmi 40 faizinin parlamentdə razılıq alınır. 60 faizi əlavələr və dəyişikliklərdən ibarətdir”.

Q.İbadoğlunun sözlərinə görə, Milli Büdcə Qrupu hər il büdcə layihəsi ilə bağlı rəy hazırlayır: “Bu il də bizim rəyimiz göstərir ki, büdcə gəlirlərinin artımının 79,5 faizi neft və qaz gəlirlərinin hesabına baş verib. Bu il Azərbaycanın dövlət büdcəsinə Neft Fondundan 10 milyard manata yaxın vəsait köçürüləcək. Bu da demək olar ki, büdcənin əsas gəlir mənbəyini təşkil edəcək. Neftin büdcədə payı 75 faiz təşkil edəcək. Əgər nefti bir kənara qoysaq, onda 2012-ci il üçün proqnozlaşdırılan büdcənin gəlir hissəsi 6,5 milyard manat təşkil edir. Bu 6,5 milyard manat da büdcənin cari xərcləri edir. İnvestisiya xərcləri nəzərə alınmadan müqayisə etsək, görəcəyik ki, dövlət büdcəsi qeyri-neft gəlirləri Azərbaycanın tələb olunan cari xərcləri cəmi 71 faizini təşkil edir. Neftdənkənar gəlirlərlə cari ehtiyacları ödəmək iqtidarına belə malik deyilik”.

Ekspertin sözlərinə görə, büdcə xərclərində yenə də əsas pay investisiya xərclərinin üzərinə düşür: “Tədqiqatlar göstərir ki, bu xərclərin əksər hissəsi əvvəlcədən başlamış layihələrin davam etdirilməsinə yönəldiləcək. Məsələn, vəsaitlərin böyük bir hissəsi indiyədək inşasına 3 milyon manatdan çox vəsait ayrılmış ”Qələbə" meydanında yol ötürücülərinin tikilməsinə sərf ediləcək. Məişət tullantıları zavodunun tikintisinə, o cümlədən Heydər Əliyev Mərkəzinin tikintisinə büdcədən kifayət qədər böyük vəsaitlərin ayrılması planlaşdırılır".

Q.İbadoğlunun sözlərinə görə, bu il investisiya xərclərindən ən çox pay götürən Nəqliyyat Nazirliyi olacaq. Nazirlik bu ilki büdcədən 2 milyard manat əldə edəcək. İqtisadçı qeyd edir ki, başqa bir narahatçılıq da büdcənin xərclərinin 60 faizindən çoxunun icra hakimiyyəti tərəfindən həyata keçirilməsidir: “Ölkədə yenə də gəlir və xərclərin xərclənməsi prosesi mərkəzdən asılı vəziyyətdə olacaq”.

R.RƏFİYEVA
 

Baxış sayı: 1288

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb