Ana səhifə | Layihə barədə | MBG | Glossary | Qanunvericilik | Əlaqə

Dövlət Büdcəsi

Neft Fondu


Açıq Hökumət


Sorğu

Sizcə, hökumət 2016-cı ilin dövlət büdcəsində neftin qiymətini hansı həddə götürməlidir?
30 dollardan az
35 dollar
40 dollar
45 dollar
50 dollar
55 dollar
60 dollar
65 dollar
70 dollar
Daha yüksək
Deyə bilmərəm


Ziyarətçilər
ILK-10 Azeri Website Directory


Azərbaycanda 2010-cu ildə dövlət büdcəsini icrası necə həyata keçirilib?


2010-cu ildə Nazarbayev büdcənin 21 faizini neft pulu hesabına doldurub, Əliyev isə 69 faizini

Azərbaycanda hərəyə düşən qeyri-neft büdcə gəlirləri 494, Gürcüstanda 715, Ermənistanda 643, Qazaxıstanda 1349 ABŞ dollarıdır. Milli Büdcə Qrupu 2010-cu il dövlət büdcəsinin icrası ilə bağlı rəy hazırlayıb. Rəy olduqca maraqlı aspektləri üzə çıxarıb. Hesablama Palatasından fərqli olaraq, MBQ daha kəskin və tənqidi məqamlarla doludur. Dörd nəfərdən ibarət tədqiqat qrupunun rəhbəri, MBQ-nin Idarə Heyətinin üzvü Məhəmməd Talıblı ilə bağlı həmin sənəd haqqında geniş müsahibə götürdük.

- Məhəmməd bəy, büdcə məsələlərinə keçmədən öncə ölkə iqtisadiyyatının 2010-cu ildəki vəziyyətini təsvir etməyi və bəzi makroiqtisadi göstəricilər haqqında məlumat verməyinizi xahiş edərdim.

- Istərdim çox qısa olaraq bəzi vacib makroiqtisadi parametrləri diqqətinizə çatdırım. Hər zaman öyünülən yüksək iqtisadi artım qeydə alınmadı, yəni ÜDM-də 5%-lik artım qeydə alınmışdır ki, bu da manat hesabı ilə 41,6 milyard manat deməkdir. Bunun 18,4 milyard manatı qeyri-neft sektorunda, 23,2 milyard manatı isə neft sektorunda formalaşıb. Eyni zamanda ölkənin xarici ticarət dövriyyəsində də dəyişikliklər baş verib. Belə ki, bu il Azərbaycanın 147 ölkə ilə apardığı xarici ticarət dövriyyəsinin ümumi həcmi 27 924,1 milyon ABŞ dolları həcmində olub. Bunun 21ÿ324,8 milyon dolları ixrac, 6599,4 milyon dolları idxal, müsbət saldo isə 14ÿ725,4 milyon dollar olub. Ixracatda isə yenə də dominant rolu neft sektoru bölüşməkdədir. Belə ki, ixracatda xam neftin xüsusi çəkisi 86,5%, neft məhsulları isə 6% olub ki, bu da ümumilikdə ixracatın 92,5%-nin neft və neft məhsullarının təşkil etməsi deməkdir. Maraqlı məqam isə orasıdır ki, 2010-cu ildə ticarət dövriyyəsi 2009-cu (20,81 milyard dollar) illə müqasidə 514 milyon manat çoxdur, amma bu da 2008-ci ilin ticari vəziyyəti ilə əhəmiyyətli dərəcədə seçilir. Yəni, 2008-ci ildə mövcud olan xarici ticarət dövriyyəsinin (54,91 milyard dollar) hətta yarısına gəlib çatmayıb. Bu isə onu deməyə əsas verir ki, qlobal iqtisadi böhranın təsirləri ölkə iqtisadiyyatını təqib edir və mövcud olan iqtisadi siyasət isə bu vəziyyəti dəyişmək gücündə deyil. Digər makroiqtisadi parametrlərdə də bəzi dəyişikliklər baş verib. Orta aylıq əməkhaqqının səviyyəsi 325 manat təşkil etmiş və orta aylıq inflyasiya səviyyəsi 5,7% təşkil edib.

- 2010-cu ilin büdcəsinin vacib parametrləri haqqında məlumat verərdiz.

- 2010-cu ilin dövlət büdcəsinin gəlirləri 11,505 milyon manat, xərcləri 12,275.3 mln. manat proqnozlaşdırılsa da, 95,9 faiz, yəni, 11,766.0 mln. manat icra olunub. Büdcəyə vergilər nazirliyinin xətti ilə 4 292,8 mln. manat daxil olub. Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə 1 101,7 mln. manat və ya 2009-cu illə müqayisədə 1% az vəsait daxil olub. Neft Fondu xətti ilə büdcəyə 5,915 mln. manat daxil olub ki, bu da 2009-cu illə müqayisədə 20,3% çoxdur. Nəticədə 2010-cu ildə Neft Fondunun xüsusi çəkisi təqribən 4 faizlik bəndi aşaraq 52%-ə çatıb. Neft Fondundan dövlət büdcəsinə transfertlərin ilbəil artmasına baxmayaraq (diaqram 3), bu xərclərin qeyri-neft sektorunun inkişafına töhfəsi aşağı səviyyədə qalmaqdadır. Belə ki, Neft Fondundan büdcəyə transfertlər artdığı halda, qeyri-neft sektorunun büdcəyə vergi ödəmələri aşağı səviyyədə olmuşdur. Müqayisə üçün bildirək ki, 2010-cu ildə Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi 5,9 mlrd. manat olub ki, bu da 2003-cü illə müqayisədə 59 dəfə çoxdur.

- Büdcə gəlirlərinin belə artımı bizə nə vəd edir?

- Büdcənin ildən-ilə artması faktdır. Amma bu artımın kökündə proporsional və davamlı gəlir mənbələri dayansaydı, bu doğrudan da təqdirolunan hal ola bilərdi. Bizdəki büdcə artımını şərtləndirən Neft Fondundan transfert və vergilər vasitəsilə daxilolmalarda neft sektorunun payı ağırlıq təşkil edir. Ona görə, biz büdcəmizi qeyri-neft gəlirlərini digər ölkələrlə müqayisəsini aparmağa çalışdıq. Ortaya çıxardıq ki, Azərbaycanda adambaşına düşən neftsiz büdcə gəlirləri 494 dollar olduğu halda, qonşu Gürcüstanda bir nəfərə düşən büdcə gəlirləri 715 dollar, Ermənistanda isə 643 ABŞ dollar təşkil etmişdir. Daha sonra neftlə zəngin Orta Asiya Respublikalarından olan ölkələrin qeyri-neft gəlirlərinə diqqət etdik. Məlum oldu ki, Qazaxıstanda bu göstərici bizdən 2,7 dəfə çox, yəni 1349 dollardır. Demək, həm neftlə zəngin ölkədə, həm də postsovet məkanında və bizimlə qonşu olan Cənubi Qafqaz ölkələrində ən zəif göstərici bizdədir. Ona görədə bizdə qeyri-neft sektoru inkişaf etdirilməli idi ki, büdcədə qeyri-neft gəlirləri də davamlı böyüsün və “təhlükəsizlik” yastığı rolunu oynayan Neft Fondundan asılı olmasın. Digər tərəfdən, neft gəlirlərinin büdcədə payı tək bununla kifayətlənmir, çünki, neft sektorunun özünün gəlirləri qeyri-neft gəlirlərinin də böyüməsinə təkan verib.

- Büdcə daxilolmalarında vergilərin payı nə qədər olub?

- Büdcə daxilolmaları üzrə müxtəlif tədiyyə növləri üzrə fərqli nəticələr qeydə alınıb. Mənfəət vergisi üzrə daxilolmalar 1429,8 mln. manat təşkil edib ki,burada da artım əsasən ABƏŞ hesabına baş verib. 2009-cu illə müqayisədə ABƏŞ-in mənfəət vergisi üzrə ödəmələri 44% artıb. Qeyri-neft sektoru üzrə isə mənfəət vergisi üzrə daxilolmalar artsa da, xüsusi mülkiyyətdə olan vergi ödəyiciləri üzrə azalmalar baş verib. Bununla bərabər büdcə gəlirlərinin artım dinamikasının nominal ÜDM-nin artım dinamikası ilə müqayisəsi aşağı olub. Bu proses qeyri-neft sektorunda daha kəskin şəkildə özünü göstərir. 2010-cu ildə qeyri-neft sektorunda ÜDM 17,6% artdığı halda, qeyri-neft büdcə gəlirləri 2% azalıb, bu da vergidən yayınma prosesinin güclənməsi və ya qeyri-neft sektorunda vergitutma bazasının azalması ilə əlaqəlidir.

- Belə başa düşmək olar ki, büdcə gəlirlərinin artması xərclərin artması hesabına baş verir?

- 2010-cu ildə dövlət büdcəsində iki prosesin baş verməsi müşahidə olunur: bir tərəfdən artan büdcə xərclərini maliyyələşdirmək məqsədilə neft daxilolmalarının artması, digər tərəfdən isə qeyri-neft gəlirlərinin azalması. 2009-2010-cu illərdə neft daxilolmaları 6701 mln. manatdan 7849,6 mln. manata qədər artdığı halda, qeyri-neft daxiolmaları isə 3625 mln. manatdan 3553,4 mln. manatadək, yəni, 2% azalıb. Nəticədə 2010-cu ildə dövlət büdcəsinin 69%-i neft gəlirləri hesabına formalaşmışdır ki, bu da 2009-cu illə müqayisədə 4 faiz çoxdur. Dövlət büdcəsinin neftdən asılılığının qiymətləndirilməsi məqsədilə ölkəmizi neftlə zəngin olan Qazaxıstanla müqayisə etsək görərik ki, 2010-cu ildə ölkəmizdə neft gəlirləri dövlət büdcəsinin 69%-ni təşkil etdiyi halda, Qazaxıstanda bu göstərici yalnız 21% təşkil edir. Belə ki, Neft Fondundan büdcəyə transfertlərin həcmi ildən-ilə artsa da, səmərəlilik səviyyəsi bir o qədər də yüksək olmamışdır.

- Büdcə gəlirlərinin tərkibində mərkəzi və bələdiyyə olmayan yerli daxilolmaların payı necə olub? Yəni, regionların büdcədə imkanları hansı yerdə olub?

- 2010-cu il dövlət büdcəsinin formalaşmasında yerli gəlirlərin və xərclərin strukturu da diqqəti cəlb edir. Yerli gəlirləri 432,2 milyon manat, xərcləri isə 1192,6 milyon manat təsdiq edilmişdir. Lakin gəlirlər 431,7 milyon manat icra olunmuş, xərcləri isə tənzimləmək üçün dövlət büdcəsindən 760,4 milyon manata qarşı 739,1 milyon manat icra olunmuşdur. Yəni, dövlət büdcəsindən yerli büdcələrə 739,1 milyon manat həcmində dotasiya ayrılmışdır. Paradokslardan biri ondan ibarətdir ki, yerli gəlirlər 2009-cu ilə nisbətdə 19% azaldığı halda, dövlət büdcəsindən ayrılan dostasiyanın məbləği isə bu 2009-cu ilə nisbətdə təxminən 70% artıb. Demək yerli gəlirlərin azalması baş verir və sonucda dövlət büdcəsindən daha böyük həcmdə yardımlar alınır. Əslində bu tendensiya göstərir ki, yerli şəhər və rayon büdcələri mərkəzi büdcənin ağır bir yükünə çevrilməkdədir. Buraya Naxçıvan MR büdcəsini də əlavə etsək, vəziyyət bir qədər də mürəkkəbləşir. 2010-cu ildə dövlət büdcəsindən Naxçıvan MR-nın gəlir və xərclərini tənzimləmək məqsədilə 231,500 milyon manat məbləğində vəsait ayrılıb. Həm yerli şəhər və rayon büdcələrini, eyni zamanda Naxçıvan MR büdcəsinə ayrılan dotasiyanın cəmi 970,6 milyon manat vəsait edir. Buradan “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülən işlərin elan olunan göstəriciləri ilə yerli büdcələrin fiskal potensialı arasında müəyyən ziddiyyətlər meydana çıxmış olur.

- Məhəmməd bəy, bəs büdcənin xərc istiqamətində hansı dəyişikliklər baş verib və daha hansı ən vacib məqamları qeyd etmək olar?

- 2010-cu ildə təkcə sənaye, tikinti və faydalı qazıntı bölməsi üzrə 4147 mln. manat vəsait xərclənmişdir ki, bu da 2005-ci ilin icra olunmuş uyğun xərclərilə müqayisədə təqribən 25 dəfə çoxdur. 2010-cu il ərzində kapital qoyuluşlarının 32.1 faizi nəqliyyat, 4.52 faizi mədəniyyət və turizm, 3.31 faizi içməli su təchizatı, 2.36 faizi təhsil, 1.13 faizi səhiyyə infrastrukturunun tikintisinə yönəldilib. Investisiya tutumlu digər bir xərc sahəsi də əsas bölmələrə aid edilməyən xərclərdir. Tərkibi açıqlanmayan bu bölmə 2009-cu illə müqayisədə 87 faiz artaraq ümumi xərclər strukturunda əsas bölmələrdən birinə çevrilmişdir. Yenə də investisiya xərcləmələrində iri layihələrə böyük yer verilməsi və iri vəsaitlərin ayrılması sürətlənib. Məsələn, Heydər Əliyev adına hava limanı- Mərdəkan dairəsi-Bilgəh qəsəbəsi magistral yoluna dövlət büdcəsindən 2009 və 2010-cu illər ərzində təxminən 380 mln. ABŞ dolları həcmində vəsait ayrılıb. Qeyd edək ki çəkiləcək bu magistral yolun uzunluğu 18,9 km-dir. Inkişaf etmiş ölkələrdə 1 km magistral yola ən çoxu 5 mln. ABŞ dolları xərcləndiyini və layihənin 2 il ərzində hələ də bitmədiyini nəzərə alsaq, bu layihənin hazırlanması zamanı itki və qazancların qiymətləndirilməsi problemini müşahidə etmək olar. Açığı, bu layihələrin məbləği və ayrılacaq vəsaitlər üzərində nəzarətin zəif olması bizi xeyli narahat edir və bu cür layihələrdən böyük korrupsiya “iyi” gəlir. Eyni zamanda, biz son 4 ilin büdcə xərcləmələrinə dair trendlərə diqqət yetirdik. Bilmək istədik ki, büdcə xərcləmələrinin aylar üzrə bərabər paylanması hansı dinamika ilə müşahidə olunub. Məlum oldu ki, son 4 il ərzində xərclərin boyük bir hissəsi, təxminən 20-28 faizi ilin sonunda-dekabr ayında xərclənmişdir. 2010-cu ildə 11 ayın ortalama büdcə xərcləri 765.5 milyon olduğu halda, sonuncu ayda bu rəqəm 3,345 milyon manat olub.

Açığı, bu sürətli xərcləmələr bizdə xeyli şübhələr doğurur və belə demək mümkünsə, bunu xərcləmə yox, ilin sonuna saxlamaqla mənimsəmə tələsi də adlandırmaq olar. Bu tədqiqat çərçivəsində qrupun büdcə icrası ilə bağlı təklif və tövsiyyələrini hazırladıq. Amma buna hökumətin, iqtisadi qurumların riayət edəcəyi az inandırıcıdır.


Baxış sayı: 1915

Bu sayt Milli Büdcə Ofisinin layihəsi çərçivəsində
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi tərəfindən hazırlanıb